Tehran Naxçıvanla sərhədə qoşunlarını niyə cəmləşdirir?| İran Ermənistana görə Rusiya ilə döyüşmək istəyir... – ANALİZ

2023/09/1694268019.jpg
Oxunub: 14588     19:01     09 Sentyabr 2023    
İranın Azərbaycanla sərhəddə qoşun cəmləməsi həm bölgə ölkələrinin, həm də dünyanın aparıcı güclərinin diqqətini ciddi şəkildə məşğul etməyə başlayıb… Bununla neçənci dəfədir anoloji addımı atan rəsmi Tehranın əvvəlki belə gedişlərinin arxasında əsasən Azərbaycana mesaj ötürmək dayanırdısa, bu dəfəki “cəmləşmə”nin daha çox Moskvaya yönəlik olduğunu düşünmək olar.

Ukrayna müharibəsində Moskvaya dəstək göstərən Tehran Qafqazda da Rusiyanın mövcudluğunu qəbul etsə də, Azərbaycan-Rusiya münasibətlərinin fonunda Moskva ilə gərginliyə doğru gedən İrəvanı dəstəkləməyə üstünlük verir və Zəngəzur dəhlizinin açılmasına mane olmağı hədəfləyir. Burada Tehranın marağı təkcə İrəvanla müttəfiqliyi deyil, eyni zamanda, Zəngəzur dəhlizinin açılmasından sonra özününü düşəcəyi vəziyyəti qabaqlamaqdır.

Rəsmi İrəvanın siyasi kursunda sürətlə Avropaya doğru meyllənmə təbii ki, Moskva-İrəvan münasibətlərini getdikcə gərginləşdirir.

Cənubi Qafqazda mövcud vəziyyətin indiki halda daha çox dinc vasitələrlə tənzimlənməsinə maraqlı olan Kremlin mövqeyini anlamaq çətin deyil. İki ilə yaxındır Ukraynada hərbi əməliyyatlar aparan Rusiyanın Qafqazda hərbi gərginliyin artmasından yayınmaq cəhdini həm də Moskvanın hələ ki vaxt udmaq istəyi kimi qəbul edək. Digər tərəfdən, Azərbaycan-Ermənistan arasında müharibənin yenidən başlaması Qərb siyasi dairələrinin və hərbi-diplomatik korpuslarının İrəvana axınını sürətləndirəcək. Bu isə Avropaya meylənən Ermənistanın Rusiyadan uzaqlaşmasına, daha doğrusu, Moskvanın təbəəliyindən çıxmasına doğru atılacaq addımları möhkəmləndirəcək.

Buna görə də, rəsmi Moskva Azərbaycan-Ermənistan münasisibətlərinin sülhə doğru yönəlməsini tezləşdirməyə çalışacaq, gərginliyə səbəb olacaq amillərin aradan qaldırılmasına lazım olan dəstəyi verməyə hazır olduğunu ortaya qoyacaq. Bütün bunların içərisində, Qarabağdakı ermənilərin yenidən Azərbaycan vətəndaşlığına inteqrasiyasından tutmuş, Qarabağda Rusiyanın dəstək verdiyi yeni iqtisadi layihələrin başlaması, eləcə də Zəngəzur dəhlizinin açılması kimi məsələlərin yer aldığını düşünə bilərik.

Bəs rəsmi Tehranı narahat edən nədir? Təbii ki, Zəngəzur dəhlizinin açılması Azərbaycan diplomatiyasının uğuru kimi xarakterizə ediləcək, İran Ermənistan sərhəddində təhlükəsizliyi Rusiya tərəfindən qorunacaq bir dəhliz meydana gələcək, İranı Ermənistandan ayıracaq “dəmir pərdə” ortaya çıxacaq.

Bu, siyasi, iqtisadi, hərbi baxımından İranla heç cür dil tapmaq istəməyən Avropaya meyllənən Ermənistanla təkcə qonşuluq münasibətlərinin inkişafına təsir etməyəcək, həmçinin iqtisadi platformalarda Ermənistanın İran bazarında sahib olduğu payın azalmasına da səbəb olacaq.

Digər tərəfdən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən “3+3” formatı əvvəlcə İran tərəfdən dəstəklənsə də, sonradan rəsmi Tehran “oyundan çıxmaq” üçün Azərbaycanla münasibətləri gərginləşdirməyə doğru yön aldı… Hətta gərginlik bu ölkədə Azərbaycan Respublikasının səfirliyinə hücumun təşkilinə qədər inkişaf etdi. Bütün bunlar, yaxın gələcədə baş verəcək proseslərə qarşı Tehranda yaranan qorxu hissini biruzə verir. Azərbaycan tərəfdən irəli sürülən “3+3” formatından yayınan İran “bölgədə hegemonluq” illuziyasını hələ də yaşatmaq niyyətində olduğunu ortaya qoyur.

Qafqazda əmin-amanlıq İranın maraqlarını harada kölgə altına alır? Nəzərə alsaq ki, son bir neçə ildə müxtəlif səpklili etirazlar burulğanında “çarpışan” İranda milli çağırışların çoxalması rəsmi Tehranı narahat etməyə bilməz, onda, məsələ qismən aydnlaşır. Ölkənin şimalında öz torpaqlarını işğaldan azad edən, dünya diplomatiyasında yaxşı bir oyunçuya çevrilən, iqtisadi, hərbi, siyasi baxımdan güclü bir Azərbaycanın mövcudluğu Güney Azərbaycandakı azadlıq qığılcımlarının dəfedilməz bir “alov”a çevirilməsinə stimul verə bilər,

Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının vüsət alması İranda azərbaycanlılardan və farslardan sonra üçüncü böyük etnik toplum olan və ölkə əhalisinin 10%-dən çoxunu təşkil edən kürdlərin də bir vaxtlar ortaya atılan muxtariyyat cəhdlərini milli azadlıq mübarizəsinə çevirə bilər. Hazırda İranın cənub şərqindəki bölgənin hərbi-siyasi mənzərəsi, İraq və Suriya kürdlərinin dövlət qurmaq uğrunda mübarizəsi və bu ölkələri əhatə edən geopolitik şərait İran kürdlərinin yaxın gələcəkdə milli azadlıq uğrunda hərakata başlayacağını qaçılmaz edir. Baxmayaraq ki, İran öz daxilindəki kürdlərin milli azadlığını çox sərt şəkildə məhdudlaşdırır, amma İraq Kürdüstanındakı kürdlərə dəstək verməklə qonşu ölkədə siyasi-hərbi şəraitin yaxşıya doğru dəyişməməsi üçün kifayət qədər güc sərf edir.

Rəsmi Tehran üçün kürd faktorundan daha təhlükəlisi Şimali və Cənubi Azərbaycan arasında əlaqələrin artması, ölkənin qərbində Türkiyənin mövcudluğu və Türk dünyasının vahid sistemə doğru istiqamətlənməsidir. Bütün bu amillər şərqində Əfqanıstanla, cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində bəluc yaraqlıları ilə, cənubda- Hörmüz boğazında ABŞ və Qərblə, Cənub-qərb bölgəsində İraq və Suriyadakı silahlı qruplaşmalarla ciddi problemləri olan Tehranın ən həssas bölgəsi Cənubi Azərbaycandır.

Buna görə də, hazırda İranın ən çox çalışdığı məsələlərdən biri Azərbaycanın Zəngəzur dəhlizi üzərindən Naxçıvan və Türkiyə ilə əlaqələrinə mane olmaqdır.

Zəngəzur dəhlizi həm də əsas iqtisadi platformalardan biri olan Orta dəhlizin tərkib hissəsinə çevrilsə, Şərqin Qərblə quru yolu ilə əlaqə imkanları genişlənəcək. Bu həm də Asiya ölkələrinin Azərbaycan-Gürcüstan marşurutu ilə Şərqi Avropaya, Azərbaycan-Türkiyə marşurutu ilə Qərbi Avropa və Şimali Afrikaya çıxışını İranın iştirakı olmadan təmin edəcək.

Orta dəlizin reallaşdırılması Böyük İpək Yolunun keçdiyi Cənubi Qafqazda sabitliyin və əmin-amanlığın mövcudluğunu tələb edir. Bu iqtisadi platforma Rusiya üçün də əlverişlidir və təbii ki, Ankara ilə münasibətlərin inikşafında maraqlı olan Moskvanın Zəngəzur dəhlizinin istifadə verilməsində həm də ticari maraqları var. Bu yol bir tərəfdən də Ankara ilə quru yol əlaqəsini təmin edir.

Zəngəzur dəhlizinin açılması və bu yol üzərindən iqtisadi layihələrin inkiaf etdirilməsi Ermənistanın da iqtisadi maraqlarına cavab verir, İrəvanın Ankara və Bakı münasibətlərinin yaxşılaşdırılmasında mühüm rol oynayır və bu ölkənin İrandan asılılığını əhəmiyyətli dərəcədə azaldır. Lakin bütün bunların hamısı söz yox ki, Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşlığına qəbul edilməsindən, Ermənistan-Azərbaycan münasibətlərində tənzimləmə prosesinin tezləşdirilməsindən və sülhə nail olmaqdan keçir.

Türkiyə ilə münasibətlərin yeni mərhələsində olan Rusiya təbii ki, Avropaya meyllənməkdə olan Ermənistanı bu yoldan saxlamaq, bölgədə öz nüfuzunu qorumaq üçün Cənubi Qafqazda sabitliyə maraq göstərəcək, hadisələrin həm də onun istəyinə və iradəsinə uyğun yönəlməsinə cəhd edəcək. Bu isə Moskvanın qarşısında Azərbaycan və Türkiyə ilə münasibətləri əhəmiyyətli dərəcədə yaxşı formada saxlamaq şərtini diktə edir.

Nəzərə alsaq ki, bu gün Ukrayna məsələsində tamamailə qütbləşmiş Qərb-Rusiya münasibətlərində dialoq üçün yeganə və etibarlı vasitəçi yalnız rəsmi Ankaradır, eyni zamanda Ankara İrəvanla münasibətləri normallaşdırmaq, Cənubi Qafqazda sabitliyə nail olmağa çalışır, onda, bu qənaətə gəlmək olar ki, Rusiya-Türkiyə əməkdaşlığı bir neçə istiqamətdə inkişaf edəcək və bölgədəki hərbi gərginliyin iqtisadi layihələrin icrası ilə əvəzlənəcəyi qaçılmaz olacaq, Ermənistan-Azərbaycan münasibətlərində normallaşma prosesi vüsət alacaq.

Təbii ki, bütün bunlar baş verdiyi halda, İran avtomatik olaraq təklənir və onun bu vəziyyətə düşməsində əsas rollardan birini Moskva oynamış olacaq. Onda isə, bu gün Ukraynanı hədəfə almaqdan ötrü İranda yığılan “Şahed”lərin növbəti seriyasının Moskvaya qarşı istifadə üçün istehsal ediləcəyi qaçılmaz olacaq. Beləliklə, “barıt çəlləyinin üstündə oturub” çox ciddi regional problemlərlə, geopolitik təpkilərlə, siyasi, hərbi-siyasi sferada böyük rəqiblərlə üz-üzə qalan İran Azərbaycanla sərhəddə qoşun yığmaqla öz vəziyyətini ikiqat çətinləşdirir.

P.S. Görünür ki, İran İslam Respublikasının idarəçiliyndə olan sistem özünü və dünyanı aldatmaqdan yorulub və nəhayətdə İlahi ədalətin siyasi arenada da gec-tez bərqərar olacağını inkar etməyə cürət tapa bilmir.

Elə, bu cürətsizliyi onun Rusiya ilə üz-üzə gələcəyini ehtimal etməyə imkan vermir. Sərhəddə güc toplayan İran həmin qüvvələri səssiz-səmirsiz geri çəkməklə gücsüzlüyünü təsdiq etməli olacaq.

Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Rusiya   Müharibə   Zəngəzur   Azərbaycan   Türkiyə  


Bizi "telegram"da izləyin